Bakı, 23 oktyabr.
AMEA-nın Rəyasət Heyətinin iclasında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığının vəziyyətinə dair müzakirələr aparılıb.
AMEA-dan verilən məlumata görə, məsələ ilə bağlı Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edib. Bildirib ki, müasir dünyada münaqişələrin, siyasi qütbləşmənin və qarşılıqlı etimadsızlığın artdığı şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da yüksəlir. Onun sözlərinə görə, miqrasiya, mədəni kimliyin qorunması, rəqəmsal mühitdə ayrı-seçkilik və süni intellektlə bağlı yeni çağırışlar cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsini zəruri edir.
Sərxan Xavəri xatırladıb ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək üçün dialoq: parçalanmış dünyada körpülər qurmaq” mövzusunda təşkil olunacaq. Forum çərçivəsində yüksək səviyyəli görüşlər, plenar və panel müzakirələri, tematik sessiyalar və mədəni tədbirlər keçiriləcək.
Məruzədə vurğulanıb ki, AMEA-nın bilavasitə iştirak etdiyi tədbir UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumudur. Onun sözlərinə görə, Akademik Forumun ilk günü oktyabrın 27-də AMEA-nın Rəyasət Heyətində “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda təşkil olunacaq. Açılış iclasından sonra “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” mövzusunda panel müzakirəsi baş tutacaq. Bildirilib ki, panel çərçivəsində AMEA alimləri və xarici mütəxəssislər mədəniyyətlərarası dialoqun fəlsəfi əsasları, Türk dünyasında modernləşmə təcrübəsi, süni intellekt və multikulturalizm, folklorun dialoq prosesində rolu, dilin qorunması və mədəni hüquqlar kimi mövzuları müzakirə edəcəklər. Forumun ikinci günü isə ADA Universitetində keçiriləcək.
Sərxan Xavəri Akademik Forumun AMEA alimlərinin tədqiqatlarının beynəlxalq elmi müzakirəyə çıxarılması və humanitar elmlərin müasir dünyada rolunun nümayiş etdirilməsi baxımından əhəmiyyət daşıdığını qeyd edib.