Bakı, 2 noyabr.
Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib. Bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir.
Hərbi Prokurorluqdan verilən məlumata görə, buna baxmayaraq çağırış yaşındakı bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirməklə həqiqi hərbi xidmətdən boyun qaçırmağa cəhd göstərirlər.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu bu ilin iyul və oktyabr çağırışları dövründə bu kimi 5 fakt üzrə Xidmətin Gəncə şəhər idarəsində, İmişli rayon şöbəsində, Qobustan və Şuşa rayon bölmələrində hərbi qeydiyyatda olan çağırışçılar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işləri başlanılaraq istintaq aparılır.
Hərbi Prokurorluq vətəndaşların nəzərinə çatdırır ki, Vətənin müdafiəsi hər bir vətəndaşın konstitusion borcudur, Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür və həmin əməllər cinayət məsuliyyətinə səbəb olur.