Prezident seçkiləri çox əlamətdar hadisədir. Azərbaycanda keçiriləcək prezident seçkilərinin nəticələrinin bu ölkənin gələcək inkişafı üçün uğurlu olacağına inanırıq.
Bu sözləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndə heyətinin rəhbəri, qurumun Baş katibi Can Min Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşdə söyləyib.
O bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının yaxın tərəfdaşlarından olan Azərbaycanla münasibətlər qarşılıqlı etimada əsaslanır.
Can Min ölkəmizin son illərdə bütün sahələr üzrə çox böyük uğurlara imza atdığını vurğulayıb.
“İndiyədək 69 seçki prosesini izləmişik. Seçkilərin ədalətli, şəffaf keçəcəyinə inanırıq. Nizamnaməyə uyğun olaraq bizim missiyamız ümumi prinsiplər, ölkənin daxili işlərinə qarışmamaq, çatışmazlıqların aşkar edilməsi və digər məsələlərdir. Müşahidə missiyamız başa çatdıqdan sonra fevralın 8-də nəticələri açıqlayacağıq.
İnanırıq ki, Azərbaycan xalqı öz siyasi iradəsini nümayiş etdirərək layiqli namizədinə səs verəcək”, - deyə Can Min diqqətə çatdırıb.