Bakı, 8 noyabr.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən son 6 il ərzində müharibə iştirakçılarına və şəhid ailəsi üzvlərinə göstərilən tibbi xidmətlərin təşkili, əlçatanlığının artırılması və davamlılığının təmin edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Bu kateqoriyadan şəxslərə operativ tibbi xidmət göstərilməsi və onların daima nəzarətdə saxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində müharibdə iştirak etmiş şəxslərə və şəhid ailəsi üzvlərinə xidmət göstərən koordinatorlar təhkim edilib. Hazırda TƏBİB tabeli 71 tibb müəssisəsində 159 koordinator fəaliyyət göstərir.
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Vətən müharibəsində iştirak etmiş şəxslərlə 2022-ci ilin iyulun 18-dən, şəhid ailəsi üzvlərilə isə 2023-cü ilin sentyabrın 4-dən koordinatorlar tərəfindən müayinəyə dəvət etmək məqsədilə mütəmadi telefon əlaqəsi saxlanılır. Hazıradək Vətən müharibəsi iştirakçılarına ümumilikdə 299 min 60 zəng, şəhid ailəsi üzvlərinə 93 min 977 zəng olunub.
Hesabat dövründə icbari tibbi sığorta hesabına TƏBİB tabeli tibb müəssisələrinə Vətən müharibəsi iştirakçılarına ümumi 439 min 953 müraciət əsasında 879 min 232 ambulator və 284 min 298 stasionar tibbi xidmət, şəhid ailəsi üzvlərinə isə 221 min 348 müraciət əsasında 601 min 632 ambulator və 108 min 575 stasionar tibbi xidmət göstərilib. Eyni zamanda müvafiq olaraq 55 min 180 və 1619 psixoloji xidmət təqdim olunub.
Bu müddət ərzində müxtəlif qurumlardan daxil olan 15 mindən çox müharibə iştirakçısına və 2000-ə yaxın şəhid ailəsi üzvünə aid müraciət araşdırılaraq cavablandırılıb.
Bundan əlavə, TƏBİB tərəfindən müharibə iştirakçıları və şəhid ailələrinin sağlamlığı davamlı nəzarət altında saxlanılır, onlara operativ və keyfiyyətli tibbi xidmətlər göstərilməsi istiqamətində işlər davam etdirilir.