Qazaxıstan Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Sadırbayov Serik Sırlıbayeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Qazaxıstanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.S.Sadırbayov 2024-cü ilin fevralında Azərbaycanda müəyyənləşdirilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib.
Serik Sadırbayov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.