Bakı, 6 aprel.
Dövlət İmtahan Mərkəzi (DİM) “Teaching Knowledge Test” (TKT) imtahanına qeydiyyat elan edir.
DİM-dən bildirilib ki, imtahan iyunun 20-də DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50) təşkil olunacaq. İmtahana qeydiyyat mayın 4-dək davam edəcək.
Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının 1,2,3, YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi) və CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahanlar təşkil edir.
DİM, həmçinin Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
Əlavə məlumat almaq üçün international@dim.gov.az ünvanı ilə əlaqə saxlamaq mümkündür.
İmtahana gələn namizədlər mütləq şəkildə şəkilli şəxsiyyət vəsiqəsini və “Confirmation of Entry” (CoE) sənədini (international@dim.gov.az ünvanından göndərilir) gətirməlidirlər. İmtahan otağına yalnız şəxsiyyət vəsiqəsi, su, sadə karandaş (göy diyircəkli qələmdən istifadəyə icazə verilmir), pozan və karandaşyonan aparılmasına icazə verilir.