Bakı, 11 noyabr.
Əmək Məcəlləsində və aidiyyəti digər qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi ilə əmək münasibətlərinə xitam verilməsi zamanı kompensasiya ödənilməsi istisna olmaqla, Məcəllədə nəzərdə tutulan minimum 21 təqvim günlük əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin qadağan olunması təklif edilir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev deyib.
O qeyd edib ki, burada əsas məqsəd məzuniyyət hüququnun yalnız maliyyə təminatı kimi deyil, işçinin istirahəti, sağlamlığının qorunması və əmək qabiliyyətinin bərpası üçün nəzərdə tutulmuş fundamental hüquq kimi təmin edilməsidir.
“Başqa sözlə, işçinin əmək məzuniyyəti hüququnun mövcudluğu ilə yanaşı, həmin hüquqdan faktiki istifadə etməsi də təmin olunmalıdır. Məzuniyyətin kompensasiya ilə əvəz edilməsi işçinin istirahət hüququnun reallaşmasını əvəz edə bilməz.
Layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı halların daha dəqiq müəyyən edilməsi nəzərdə tutulur. Bu da praktikada məzuniyyətin keçirilməsi ilə bağlı yaranan qeyri-müəyyənliklərin aradan qaldırılmasına və hüquqi tətbiqetmədə vahid yanaşmanın formalaşdırılmasına xidmət edəcək.
Eyni zamanda, müvafiq dəyişikliklərin gömrük, vergi və daxili işlər orqanlarında xidmət keçməni tənzimləyən qanunvericilik aktlarına da şamil edilməsi nəzərdə tutulur”, - deyə nazir müavini bildirib.