Bakı, 4 iyun.
Avtomobillər üzrə avtonom nəqliyyat vasitələrinin fərqləndirilməsi üçün xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq ediləcək.
Bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 4-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının (PUA-lar) dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunur.
Dəyişikliyə görə, fiziki və hüquqi şəxslərin operator kimi fəaliyyət göstərə bilməsi üçün şəhadətnamələr 5 il müddətinə veriləcək. Operator fəaliyyətinə dair şəhadətnamənin verilməsi xidmətinə görə 20 manat məbləğində dövlət rüsumu təyin olunur. Eyni zamanda, məsafədən idarəetmə mərkəzləri yaradılmalı və istismar zamanı formalaşan məlumatlar real vaxt rejimində dövlət informasiya sisteminə ötürülməlidir. Dövlət sisteminə ötürülən məlumatlar qeydə alınmalı və operatorlar tərəfindən 6 ay müddətində mühafizə edilməlidir.