Bakı, 17 iyun.
İyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün münasibətilə Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, peşə bayramı münasibətilə səhiyyə naziri Teymur Musayev, struktur bölmələrinin və tabeli qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər. Ziyarət zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət və elm xadimi Əziz Əliyev, eləcə də elm xadimi Tamerlan Əliyevin məzarları ziyarət edilərək, onların xatirəsi ehtiramla anılıb.
Daha sonra Səhiyyə Nazirliyinin kollektivi Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Anım tədbirləri çərçivəsində xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətçilik ənənələrinə və səhiyyə sahəsinin inkişafında mühüm xidmətləri olmuş şəxsiyyətlərin xatirəsinə dərin ehtiram ifadə olunub.