Bakı, 10 iyul.
2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Dövlət siyasəti və idarəçilik” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.
BDU-dan bildirilib ki, dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi, idarəetmə sistemlərinin təkmilləşdirilməsi, strateji planlaşdırmanın gücləndirilməsi və müasir idarəçilik yanaşmalarının tətbiqi dövlət idarəçiliyinin prioritet istiqamətlərindəndir. İctimai idarəetmə sahəsində aparılan islahatlar, rəqəmsal transformasiya və səmərəli dövlət xidmətlərinə artan tələbat bu istiqamətdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri edir. Bu baxımdan BDU-da “Dövlət siyasəti və idarəçilik” ixtisaslaşmasının açılması həm elmi, həm də praktiki baxımdan xüsusi aktuallıq kəsb edir.
Yeni ixtisaslaşma dövlət siyasətinin hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi, idarəetmə sistemlərinin təkmilləşdirilməsi və bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsini nəzərdə tutur. İxtisaslaşma çərçivəsində magistrantlar dövlət idarəçiliyi nəzəriyyələri, ictimai siyasətin formalaşdırılması, strateji planlaşdırma, dövlət proqramlarının qiymətləndirilməsi, idarəetmə islahatları və institusional inkişaf istiqamətləri üzrə nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər.
Tədris prosesində magistrantlara dövlət idarəçiliyinin müasir modelləri, siyasət təhlili metodları və beynəlxalq təcrübə əsasında analitik araşdırmalar aparmaq, strateji sənədlərin hazırlanmasında iştirak etmək, idarəetmə proseslərinin qiymətləndirilməsi üzrə peşəkar bacarıqlar formalaşdırmaq imkanı yaradılacaq.
“Dövlət siyasəti və idarəçilik” ixtisaslaşmasının məzunları dövlət qurumlarında, yerli icra hakimiyyəti orqanlarında, beynəlxalq təşkilatlarda, tədqiqat institutlarında, konsaltinq şirkətlərində, ali təhsil müəssisələrində və dövlət siyasətinin hazırlanması və icrası ilə məşğul olan digər dövlət və özəl qurumlarda uğurla fəaliyyət göstərə biləcəklər.
Yeni ixtisaslaşma ölkədə dövlət idarəçiliyi sahəsində peşəkar kadr potensialının gücləndirilməsinə, müasir idarəetmə yanaşmalarının tətbiqinə və dövlət siyasətinin səmərəliliyinin artırılmasına mühüm töhfə verəcək.