Bakı, 15 iyul.
Bakıda 15 İyul – Demokratiya və Milli Birlik Gününün 10-cu ildönümünə həsr olunmuş “İradə bizim, zəfər bizim” adlı tədbir keçirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, Ankara Hacı Bayram Vəli Universitetinin professoru Zakir Avşar, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə şəhidlərin xatirəsi anılıb, Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı səsləndirilib.
Birol Akgün və Əhliman Əmiraslanov çıxış edərək, 15 İyul hadisələrinin Türkiyə dövlətçiliyinin və xalq iradəsinin təntənəsi kimi tarixə düşdüyünü vurğulayıblar.
Sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Demokratiya və Milli Birlik Gününə həsr etdiyi videoçarx nümayiş olunub.
Daha sonra Ankara Hacı Bayram Vəli Universitetinin professoru Zakir Avşar məruzə ilə çıxış edib.
Sonda şəhidlərin ruhuna dualar oxunub, sərgi ilə tanışlıq olub.