Bakı, 3 avqust.
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar həmin ali təhsil müəssisəsinin tələbələrinin digər ali məktəblərə köçürülməsi istiqamətində müvafiq tədbirlərin icrasına başlanılıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, universitetin təhsil fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə ali təhsilin həm bakalavriat, həm də magistratura səviyyələri üzrə tələbə qəbulu planı müəyyən edilməyib.
Hazırda universitetdə təhsil alan 1568 tələbədən 1513-ü bakalavriat səviyyəsində 11 ixtisas, 55-i isə magistratura səviyyəsində 2 ixtisas üzrə təhsilini davam etdirir. Bu tələbələrin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarında topladıqları bal, təhsil aldıqları ixtisas, təhsil səviyyəsi, təhsilalma forması, tədris ili, təhsil dili, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaları, eləcə də digər zəruri meyarlar nəzərə alınmaqla təhsillərinin Bakıda yerləşən digər özəl ali təhsil müəssisələrində davam etdirilməsi məqsədilə köçürülməsi nəzərdə tutulur.
Bununla yanaşı, akademik məzuniyyətdə olan, təhsilini müvəqqəti dayandırmış, eləcə də müxtəlif əsaslarla ali təhsil müəssisəsindən xaric edilmiş şəxslərlə bağlı məlumatlar dəqiqləşdiriləcək və onların sonrakı təhsil hüquqlarının qanunvericiliyə uyğun şəkildə təmin olunması istiqamətində müvafiq tədbirlər görüləcək.
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması bu ali təhsil müəssisəsi tərəfindən əvvəllər verilmiş təhsil haqqında dövlət sənədlərinin – diplom və arayışların hüquqi qüvvəsinə təsir göstərmir. Universitet məzunlarının təhsil haqqında dövlət sənədləri etibarlı və tanınmış olaraq qalır.
Qeyd olunub ki, cari tədris ilində Bakı Qızlar Universitetini bitirən məzunlara qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil haqqında dövlət sənədləri təqdim ediləcək.
Universitetdə 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub. Tədrisə cəlb olunan şəxslərin yarıdan çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin təhsil fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək.
Universitetin ştatında çalışan əməkdaşların digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə biləcəyi, Elm və Təhsil Nazirliyinin də bununla bağlı müvafiq ali təhsil müəssisələrinə tövsiyələr verəcəyi bildirilib.
Qeyd edilib ki, proses boyunca tələbələrin təhsilinin davamlılığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin icrası barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.