Bakı, 26 sentyabr.
2007-ci ildən başlayaraq hər il sentyabrın 26-da dünyada Beynəlxalq Kontrasepsiya Günü qeyd olunur.
Bu günün əsas məqsədi reproduktiv sağlamlıq, ailə planlaşdırılması və müasir kontrasepsiya üsulları barədə maarifləndirməni artırmaq, insanların məlumatlı və məsuliyyətli seçim etməsinə dəstək verməkdir.
Kontrasepsiya arzuolunmaz hamiləliyin qarşısının alınması üçün istifadə olunan üsul və vasitələri əhatə edir. Müasir tibdə hormonal və qeyri-hormonal kontraseptivlər, uşaqlıqdaxili vasitələr, implantlar və digər üsullardan istifadə olunur. Kontrasepsiya metodunun seçimi isə insanın sağlamlıq vəziyyəti, yaşı, reproduktiv planları və fərdi ehtiyacları nəzərə alınmaqla həkim məsləhəti əsasında müəyyənləşdirilməlidir.
Beynəlxalq Kontrasepsiya Günü çərçivəsində reproduktiv sağlamlıqla bağlı düzgün və elmi əsaslandırılmış məlumatların əlçatanlığının artırılması xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, ailə planlaşdırılması qadın və kişi sağlamlığının qorunması, planlaşdırılmamış hamiləliklərin qarşısının alınması və ailələrin gələcəklə bağlı qərarlarını daha şüurlu şəkildə verməsi baxımından mühüm rol oynayır.
Bu günün qeyd olunması, həmçinin yeniyetmələr və gənclər arasında reproduktiv sağlamlıqla bağlı maarifləndirmənin gücləndirilməsinə, yanlış məlumatların qarşısının alınmasına və səhiyyə xidmətlərinə çıxışın genişləndirilməsinə diqqət çəkir.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən bu istiqamətdə geniş təbliğat aparılır, maarifləndirici məlumatlar hazırlanaraq nəşr edilir, əhaliyə paylanılır.