“Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunan ictimai dinləmə cəmiyyətimizin, dövlətimizin ən aktual problemlərinin işıqlandırılmasının müzakirəsi üçün olduqca əhəmiyyətlidir. Dövlətimiz sosial siyasətin, cəmiyyətdə insanların sosial halının yaxşılaşdırılmasına dair kompleks tədbirlərin həyata keçirilməsi, həssas əhali qruplarından olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası prosesinin daha da genişləndirilməsi istiqamətində fəaliyyət planları həyata keçirir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdiri Raqif Zamanov aprelin 4-də keçirilən “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunan ictimai dinləmədə çıxışı zamanı söyləyib.
R.Zamanov bildirib ki, müasir dövrdə aktuallığını qoruyub saxlayan “Himayədar ailə”, qayğı mövzusu cəmiyyətimiz üçün əsas məsələlərdəndir: “Bu baxımdan da dövlətimizin, cəmiyyətimizin əsas ana hədəfi, birinci növbədə valideyn himayəsindən məhrum olmuş, valideynlərini itirmiş uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması barəsində planların həyata keçirilməsi, bu istiqamətdə atılan addımlardır. Cəmiyyətimizdə hər bir fərdin şəxsiyyət kimi yetişməsi üçün ilk növbədə tərbiyə olunması vacib şərtdir”.