Bakı, 9 iyul.
Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı keçirib.
DİM-dən bildirilib ki, imtahan vermək üçün 1584 namizəd qeydiyyatdan keçib. Onlardan 1523 nəfəri imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1256 nəfər tələb olunan şərtləri ödəyib.
İmtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biliblər. Nəticələr həmçinin gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahan iştirakçılarına sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı verilib. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
Apellyasiya Komissiyası iyulun 9-10-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.