Bütün dünyada öz atçılıq ənənələri ilə tanınan Danimarka atlarla sərt davranışa görə nüfuzunu korlayıb.
“At dünyasının sirləri” televiziya sənədli filminin nümayişindən sonra Danimarka Atçılıq İdmanı Federasiyası (DRF - Dansk Ride Forbund) milli yığmanın heyətindən ulduz minici Andreas Helqstrandı kənarlaşdırıb. Sənədli filmin nümayişindən az əvvəl DRF-nin sədri, Andreasın atası Ulf Helqstrand fəaliyyətini dayandırıb. Onu sədrin müavini Yakob Bliher Ravnsbo əvəz edib.
Federasiya tərəfindən yeni İdarə Heyətinin aprelin 13-də seçilməsi gözlənilir, lakin Ulf Helqstrand və Yakob Bliher Ravnsbo bu prosesdə iştirak etməyəcəklərini bildiriblər. DRF sədri vəzifəsinə namizədlərdən biri şahzadə Benedikt və şahzadə Rihard Sayn-Bitgenşteyn-Berleburqun qızı Danimarka şahzadəsi Natali su Sayn-Vitgenşteyndir.
Natali su Sayn-Vitgenşteyn komanda yarışında 2008-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O, karyerasını başa vurduqdan sonra bir neçə il milli yığmanın məşqçisi olub.
“Atçılıq idmanı çöküb. Fikrimcə, biz vəziyyəti dəyişə biləcəyik, lakin hamımız bir istiqamətə hərəkət etməliyik”, - deyə Natali su Sayn-Vitgenşteyn “Ridhesten” saytına müsahibəsində bildirib.