Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bu gün, iyulun 30-da Türkmənistana səfər edir.
Türkiyəli nazirin Aşqabadda keçirəcəyi danışıqların gündəliyində türkmən qazının Türkiyəyə və oradan da Avropaya nəqli məsələləri var.
Bu ilin martında Antalyada keçirilmiş Diplomatiya Forumu çərçivəsində iki türk dövləti arasında enerji sahəsində əməkdaşlığın inkişafına dair razılıq əldə olunub. Həmin məsələ bu gün Aşqabadda Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar və onun türkmənistanlı həmkarı, “Turkmenqaz” dövlət konserninin sədri Maksat Babayev, həmçinin “Turkmengeologiya” şirkətinin rəhbəri Qurbangəldi Qarliyev arasında ətraflı müzakirə ediləcək.
Bundan başqa, Türkiyə nümayəndə heyətini Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov da qəbul edəcək.
Türkiyəli nazirin Türkmənistan Baş nazirinin neft və qaz məsələləri üzrə müavini Batır Amanov ilə görüşü də planlaşdırılır.