Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirirlər. Müharibənin qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz olaraq davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində mayın 4-dən 10-dək polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 8 tapança, 14 tüfəng, 1 qumbaraatan, 23 qumbara, 23 alışdırıcı, 136 patron darağı, 21 min 40 müxtəlif çaplı patron, 5 trotil, 27 süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.
Ağdərə rayonu ərazisindən isə 5 avtomat silahı, 18 patron darağı və 290 müxtəlif çaplı patron aşkarlanıb.
Bu sahədə tədbirlər davam etdirilir.