Əlli bir yaşlı türkiyəli atıcı Yusuf Dikec “Paris-2024” Yay Olimpiya Oyunlarında 10 metrdən pnevmatik tapançadan atəşaçma yarışında unudulmaz performans göstərərək gümüş medal qazanıb.
Azarkeşlərin diqqətini daha çox cəlb edən məqam isə qoruyucu dəbilqə və ya xüsusi eynək olmadan və bir əli cibində yarışan Yusuf Dikecin inanılmaz dərəcədə rahat dayanması olub. Onun bir əli cibində atəş açdığı foto bütün dünyada internetdə sürətlə yayılıb və hətta “X” platformasında “yaxşı” yazan milyarder İlon Maskın diqqətini çəkib.
Yusuf Dikec daha əvvəl ölkəsini 2012-ci və 2016-cı illər olimpiadalarında təmsil edib.
“Gümüş mükafatçı əli cibində və minimalist avadanlığı ilə internet istifadəçilərinin marağına səbəb olur. Tüfəng nişangahları və ya səs-küyü ləğv edən qulaqlıqlar olmadan atıcı rəqibindən fərqlənir”, - deyə Franceifo canlı yayımda qeyd edib.