Bakı, 21 aprel.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Plug and Play” ilə birgə həyata keçirdiyi “GOAL” proqramının seçim mərhələsi yekunlaşıb və 6 yerli startap qalib elan olunub.
İRİA-dan bildirilib ki, seçilmiş komandalar Silikon Vadisində təcrübə proqramında iştirak edəcək. Yerli ekosistemin bu dinamik nümayəndələri innovasiyanın “ürəyində” təcrübə qazanacaq, qlobal vençur fondları ilə görüşəcək və beynəlxalq mentorlardan dəstək alaraq öz həllərini qlobal bazarlara daşıyacaqlar. Vizualda adlarını gördüyünüz hər bir startap Azərbaycanın texnoloji potensialını dünya miqyasında təmsil etməyə hazırdır.
Proqram startapların dünya bazarına çıxış imkanlarını genişləndirməyi hədəfləyir. Layihə İRİA tərəfindən dəstəklənir və yerli innovasiya ekosisteminin gücləndirilməsinə xidmət edir. Mütəxəssislər bu təşəbbüsün Azərbaycan startaplarının qlobal rəqabət qabiliyyətini artıracağını bildirir.