Azərbaycan Dövlət İnformasiya Agentliyi
İQTİSADİYYAT
Daha 60 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub
30.07.2024 [11:04]
Daha 60 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub
Bakı, 30 iyul.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca üçüncü “Məzun Günü” keçirilir.
Məzun olan 60 tələbə ötən ilin noyabr ayında 2000-dən çox müraciətçi arasından bütün mərhələləri uğurla başa vuraraq AKM-də təhsil haqqı qazanıb. Tələbələrin ən gəncinin 17, ən yaşlısının isə 40-dan çox yaşı var. Tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən müdafiə (Blue Team) və hücum (Red Team) qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər barəsində praktiki biliklərə yiyələniblər.
Məzun günündə təlim iştirakçıları kibertəhlükəsizlik istiqamətində öz layihə və ideyalarını təqdim ediblər. Sonra məzun olan 60 tələbəyə tədbirə dəvət edilmiş rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim olunacaq.
Xatırladaq ki, indiyə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 120 tələbə məzun olub. Məzunların 72 faizi özəl və dövlət sektorlarında işlə təmin olunublar.