Bakı, 26 May.
Prezident İlham Əliyev Azərbaycan xalqını və respublikamızın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Dövlətimizin başçısı təbrikində bildirib: “İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır”.
Azərbaycan Prezidenti qeyd edib ki, hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Prezident İlham Əliyev təbrikində şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edib, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə edilən duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrə xoşbəxtlik, süfrələrə bol ruzi və bərəkət arzulayıb.