Bakı, 24 oktyabr.
Bakıda keçiriləcək COP29 Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı iqlim məsələləri və dünyada yaranan ekoloji problemlərin həlli üçün müzakirə platforması ilə yanaşı, həm də iqlim maliyyəsinin səfərbər edilməsi üçün bir fürsətdir. Əslində, rəsmi Bakı bunu 2024-cü ilin əvvəlindən elan edib və bu istiqamətdə praktiki addımlar atılır. COP29 milli heyətinin rəsmiləri bununla bağlı dünyanın aparıcı beynəlxalq təşkilatları ilə görüşlər keçirərək danışıqlar aparır, ABŞ-da və Avropada keçirilən beynəlxalq konfranslarda bu məsələni mütəmadi şəkildə qaldırır. İqlim maliyyəsi Azərbaycandan daha çox bu problemlərdən əziyyət çəkən ölkələrə lazımdır. COP29 tədbirinə ev sahibliyi edəcək ölkə kimi Azərbaycan nümayəndələri Cənub-Şərqi Asiya və kiçik ada ölkələrinin də bu mənada problemlərini gündəmə gətirir, onların bu mötəbər tədbirdə təmsil olunması üçün lazım olan bütün şəraiti yaradır.
Bu fikirləri açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.
O bildirib ki, İqlim Maliyyəsi Fondunun yaradılması Azərbaycanın təşəbbüslərindən biridir və fond vasitəsilə 1 milyard dollar vəsaitin toplanması nəzərdə tutulur: “Çünki kiçik ada dövlətlərinin şikayətlərindən biri odur ki, təbii fəlakət baş verəndə onlar beynəlxalq təşkilatlara müraciət etdikdə onlardan gec cavab alırlar. Göründüyü kimi, Azərbaycan dünyada ekoloji problemlərdən və fəlakətlərdən əziyyət çəkən ölkələri COP29 çərçivəsində xüsusi nəzərə alır və dünyanın inkişaf etmiş ölkələrindən də bu məsələdə həssas yanaşma gözlənilir.
Lakin biz görürük ki, bu məsələdə bir sıra Qərb ölkələri maliyyə öhdəliyindən yayınmaq və maliyyənin ayrılmamasından ötrü yaxasını kənara çəkiblər. Hətta bu azmış kimi COP29-a ev sahibliyi edəcək Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıblar, öz mətbu orqanlarından müxtəlif səpkili dezinformasiyaları yayırlar. Dünyanın Qərbdən bu məsələdə daha çox dəstək gözlədiyi və maliyyə öhdəliklərinin olduğu halda bəzi dairələr müxtəlif bəhanələr gətirərək bu öhdəliklərdən yayınmağa çalışır.
Nəzərə almaq lazımdır ki, dünyada yaranan ekoloji problemlər, iqlim dəyişmələri məsələsi yalnız Azərbaycanı deyil, bütün dünya ölkələrini, o cümlədən Qərbi də narahat etməlidir. Biz görürük ki, Qərbin müxtəlif fondları iqlim mövzusunu bir kənara qoyaraq, ikinci və üçüncü dərəcəli mövzulara milyonlarla dollar vəsait sərf edirlər”.
QHT rəhbərinin sözlərinə görə, bu gün dünyada ətraf mühitin xilas edilməsi məsələsi bütün ölkələrin milli siyasətlərində əsas hədəflərdən biri olmalıdır. O bildirib ki, Qərb bu məsələdə qərəzli yanaşma sərgiləyir və dolayısı ilə Bakıda keçiriləcək COP29 tərəflər konfransı həddindən artıq siyasiləşdirilir, COP29-un əsas elan olunmuş mövzularından kənar mövzular daha çox qabardılır və bununla müxtəlif bəhanələr gətirilərək tədbirin sabotaj edilməsinə cəhdlər edilir. Sanki bununla Qərb əvvəlcədən COP29-un əsas mövzular üzrə uğurunu digər mövzuların təsiri və kölgəsinə salmağa çalışır. Çünki hər kəsə məlumdur ki, bu gün karbon və qaz emissiyalarında, iqlim çirklənməsində dünyada əsas pay sahiblərindən biri məhz Qərb ölkələridir.
Azərbaycanın isə bu məsələdə yüksək peşəkarlıq və şəffaflıq nümayiş etdirdiyini diqqətə çatdıran Vüqar Əhmədov bildirib: “COP29-un təşkilat komitəsində hökumət üzvləri ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri geniş şəkildə təmsil olunur, inklüzivlik və bərabərlik COP29-un təşkilat komitəsinin əsas iş prinsipinə çevrilib. COP29-un təşkili üzrə geniş heyətdən ibarət əməliyyat komitəsi fəaliyyət göstərir. Bu ilin əvvəlindən Azərbaycan QHT-ləri və vətəndaş cəmiyyəti təşkilatları nümayəndələrinin beynəlxalq təşkilatlarda geniş təmsilçiliyinin şahidi olduq. Azərbaycanın vətəndaş cəmiyyəti fəal iştirak etməklə dünyanı narahat edən iqlim məsələlərinin qlobal qərarvericilərin diqqətinə çatdırılması üçün müxtəlif təşəbbüslər həyata keçiriblər. Hökumət tərəfindən COP29 mövzusunda QHT-lərin yerli və beynəlxalq təşəbbüsləri dəstəklənib, COP29 öncəsi Bakıda gənclər və qadın təşəbbüs qruplarının qlobal iqlim siyasətinə təsir etmək üçün görüşlərinin keçirilməsi nəzərdə tutulur. Adətən belə mövzularda təşəbbüslərin Qərb tərəfindən dəstəklənməsi əvəzinə, biz total hücumların şahidi oluruq. Bu total hücumlar sanki bir mərkəzdən idarə olunur, qlobal media alətləri vasitəsilə davamlı kampaniya aparılaraq iqlim mövzusu siyasiləşdirilir. Qərbin yeni maliyyə öhdəliyindən yayınmaq üçün iqlim dəyişmələri mövzusunun həddindən çox siyasiləşdirildiyini görürük.
Lakin bütün bunlara baxmayaraq tam əminliklə demək olar ki, Bakı COP29 tədbirinə ən yüksək səviyyədə ev sahibliyi edəcək. COP29-un digər özəlliyi də odur ki, heç bir dövlət bu prosesdən kənarda qalmasın, bütün ölkələr təmsil olunsun və bu konfrans vasitəsilə səsini dünyaya çatdırsın. Hesab edirəm ki, COP29 həm də yeni, Azərbaycanla daha yaxından tanış olmaq istəyən ölkələr üçün də bir fürsətdir və beləliklə, bütün tərəfləri yaşıl həmrəylik naminə bir araya gətirəcək”.