Bakı, 31 avqust.
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə iyunun 12-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış, habelə həmin imtahandan azad olunmuş namizədlər üçün müsabiqənin ikinci mərhələsi başlayır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Xüsusi icra məmurları haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlərlə sentyabrın 14-dən müsahibələrin keçirilməsinə başlanılacaq.
Müsahibələr Ədliyyə Nazirliyinin inzibati binasında (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) fərdi qaydada keçiriləcək və onun vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.
Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər müqavilə əsasında nazirliyin Ədliyyə Akademiyasında üç aylıq ilkin icbari hazırlığa və stajkeçməyə cəlb olunurlar.
Nazirliyin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində üç ildən az olmayaraq işləmiş şəxslər ofisin idarə edilməsi və mühasibatlıq təlimləri istisna olmaqla, ilkin icbari hazırlıqdan və staj keçməkdən azad edilirlər.
İlkin icbari hazırlığın sonunda qiymətləndirmədən keçmiş və stajkeçmə planını yerinə yetirmiş şəxslərə nazirlik tərəfindən şəhadətnamə veriləcək. Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar.