Bakı, 5 oktyabr.
Rəqəmsal sahədə yeniliklərdən biri də vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində süni intellekt imkanlarından istifadə olunmasıdır. Belə ki, laborator və digər diaqnostik müayinələrin nəticələrinin süni intellektə əsaslanan qərar-dəstək sistemi vasitəsilə avtomatik təhlil olunması nəzərdə tutulur.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2026-cı ilin III rübünü əks etdirən statistik məlumatlarda qeyd olunub.
Bildirilib ki, sistem hər bir göstəricini müvafiq normativ göstəricilərlə (reference) müqayisə etməklə yanaşı, bir neçə göstəricinin birgə təhlilini aparacaq və ayrı-ayrılıqda diqqətdən kənarda qala biləcək, lakin müəyyən xəstəliklərin əlaməti ola bilən göstərici kombinasiyalarını aşkarlayacaq. Bu yanaşma insan amilindən qaynaqlanan səhvlərin – yorğunluq, diqqətdən yayınma və ya çoxsaylı parametrlər arasındakı gizli əlaqələrin nəzərdən qaçırılması kimi halların qarşısının alınmasına imkan verəcək.
Qeyd olunmalıdır ki, sistem yekun rəy verməyəcək, yalnız potensial risk profillərini, laborator və instrumental müayinələrin nəticələrindəki normadan kənarlaşma hallarını aşkarlayaraq, həkim-ekspertin diqqətinə çatdıracaq və son qərar hərbi-həkim komissiyası tərəfindən qəbul ediləcək. Hazırda həmin proseslər aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.