Azərbaycan Dövlət İnformasiya Agentliyi
ELM VƏ TƏHSİL
Azərbaycan Elm və Təhsil Nazirliyi İran rəsmisinin açıqlamasına etiraz etdi
26.10.2026 [11:17]
Azərbaycan Elm və Təhsil Nazirliyi İran rəsmisinin açıqlamasına etiraz etdi
Bakı, 26 oktyabr.
İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı açıqlaması təəccüb və təəssüf doğurur.
Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin açıqlamasında qeyd olunub. Bildirilib ki, sözügedən açıqlama Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyil. Heç kimə ölkənin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınır.
Nazirliyin açıqlamasında İran rəsmilərinə başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə, öz ölkələrinin problemləri ilə məşğul olmaq tövsiyə edilib. Qeyd olunub ki, İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.
Açıqlamada vurğulanıb ki, İranın elm, tədqiqat və texnologiya naziri, eləcə də bu mövzuda İranda çıxış edən digər şəxslər Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə, bu məsələlərlə məşğul olmalı və onilliklərdir davam edən ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görməlidirlər.