Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Xəzərdə şərti əməliyyat: Sərhəd pozucuları "Tufan"a yaxalandılar
25.10.2024 [02:18]
Bakı, 25 oktyabr.
Ölkəmizdə milli sərhəd mühafizəsinin formalaşdırılması şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır. Lakin sərhəd mühafizəsinin daha yüksək formada təşkilində Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri var. Ərazi bütövlüyünü bərpa edən qalib Azərbaycanın quru və su sərhədlərində təhlükəsizlik etibarlı şəkildə təmin edilir. Sərhədçilərimiz iqlim və relyef şəraitindən asılı olmayaraq, ayıq-sayıqlığı itirmir, hər hansı təhdid anında dərhal cavab tədbirləri görərək təhlükənin qarşısını peşəkarlıqla alırlar. İnfrastruktur və maddi-texniki bazanın təkmilləşdirilməsi, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsi də mühafizə və müdafiə tədbirlərinin effektivliyini daha da artırır.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin göstərişi əsasında media nümayəndələrinə DSX-nin bölmələrinin xidməti döyüş fəaliyyəti işinin təşkili, maddi-texniki baza ilə yaxından tanışlıq imkanı yaradılıb. Həmin məqsədlə oktyabrın 24-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti ərazisinə mediatur təşkil olunub.
Əvvəlcə Vətən müharibəsi və 2022-ci il sentyabrın 12-13-də baş verən təxribatların qarşısını alarkən şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb. Şəhid sərhədçilərin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra media nümayəndələri Baş komanda nəzarət mərkəzinə baş çəkiblər.
Sahil Mühafizəsinin sərhəd gəmiləri və digər döyüş texnikaları istənilən çağırışa çevik reaksiya göstərmək imkanlarına malikdir.
DSX-nin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə Sahil Mühafizəsinin tarixi və fəaliyyəti barədə məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsinə göstərdiyi ali diqqət və qayğı nəticəsində Sahil Mühafizəsinin sərhəd gəmiləri və digər döyüş texnikaları daim döyüşə hazır olmaqla Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində istənilən çağırışa çevik reaksiya göstərmək imkanlarına malikdir. Qeyd olunub ki, dəniz sərhədlərimizin mühafizəsində əsaslı dönüş məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub. Ümummilli Liderin uğurlu sərhəd strategiyasını uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində xidməti fəaliyyət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 2005-ci il fevralın 18-də imzaladığı Fərmanla Sərhəd Gözətçi Gəmilər Dəstəsinin əsasında Sahil Mühafizəsi yaradılıb. Bununla da Xəzər dənizində milli maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yaranıb. Prezident İlham Əliyev DSX-nin Sahil Mühafizəsinə 8 dəfə səfər edib.
Sahil mühafizəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində dövlət sərhədinin mühafizəsi və toxunulmazlığını həyata keçirir. Dövlət sərhədinin hidrotexniki qurğularının, neft-qaz boru kəmərlərinin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri icra edir, sərhəd sularında dövlət sərhəd rejiminə və sərhədboyu rejimə nəzarəti həyata keçirir. Azərbaycan Respublikasına məxsus gəmiləri və ölkə vətəndaşlarını onlara qarşı yönəlmiş təhlükələrdən müdafiə edir. Sərhəd sularında təbii və bioloji sərhədlərin qorunması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir. Narkotik vasitələrin, psixotrop maddələrin, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş silahlarının, mülki dövriyyəsi qadağan olunmuş və məhdudlaşdırılmış digər əşyaların dəniz sərhədlərindən keçirilməsinin qarşısının alınması üçün tədbirlər görür. Zəruri hallarda xilasetmə işləri aparır, qəzaya uğramış gəmi, təyyarə və helikopterlərin heyət üzvlərinə və sərnişinlərə kömək edir".
Bu il dövlət sərhədlərinin mühafizəsində nailiyyətlərlə dolu bir il olub.
General-leytenant bildirib ki, 2024-cü il dövlət sərhədlərinin mühafizəsində nailiyyətlərlə dolu il olub. Təkcə ötən ay ərzində dəyəri 700 min manata qədər olan 306 minə yaxın tütün məhsulu ələ keçirilib və həmin istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təkcə bu il ərzində dövlət sərhədini pozan 28 nəfər saxlanılıb və barələrində zəruri tədbirlər görülüb. Ən narahatedici məqam isə dövlət sərhədindən Azərbaycan Respublikası ərazisinə 556 kiloqram 370 qram narkotik vasitənin keçirilməsinə 8 dəfə cəhd olunmasıdır. Nəticədə bir çox hallarda narkotik vasitələri gətirən sərhəd pozucuları saxlanılaraq aidiyyəti üzrə istintaq-təhqiqat orqanlarına təhvil verilib.
Xəzər dənizinin Azərbaycan Respublikasının aid hissəsində maraqların qorunması, neft-qaz platformaları, neft kəmərlərinin mühafizəsi zamanı yaranmış təhdidlərin dəf edilməsi, qarşılıqlı əlaqənin təşkili, dənizdə hüquq-mühafizə funksiyalarının həyata keçirilməsində qurumlararası məlumat bazasının təkmilləşdirilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində praktiki vərdişlərin artırılması, zabit heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən müxtəlif hava şəraitində sərhəd axtarışı raket artilleriya atışlarının keçirilməsi üzrə şəxsi heyətin praktiki vərdişlərinin mükəmməlləşdirilməsi məqsədilə hər il genişmiqyaslı taktiki təlimlər keçirilir. Müasir tələblərə cavab verən yeni infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir. Belə ki, 2019-2024-cü illər ərzində uzaqmənzilli radar avtomatlaşdırılmış informasiya sistemləri, gecəgörmə kameraları ilə təchiz olunmuş yeni müşahidə məntəqələri inşa olunaraq istismara verilib və nəticədə dənizdə kiçik, orta və böyük həcmli hədəflərin aşkarlanma imkanları artıb. Bundan sonra da arsenalımızda olan bütün vasitələrdən istifadə etməklə sərhəd mühafizəsinin şəxsi heyəti qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirəcək və dəniz sərhədlərinin etibarlı mühafizəsini təmin edəcək.
Daha sonra sahil mühafizəsinin tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sərhəd pozucuları taktikalarını dəyişir, Sərhəd Mühafizəsi isə imkanlarını genişləndirir
Baş komanda nəzarət mərkəzi ilə tanışlığı davam etdirən media nümayəndələrinə radar texniki müşahidə məntəqəsinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, sahilboyu ərazilərdə Azərbaycan Respublikasının ərazi sularını nəzarətdə saxlamaq üçün radar texniki müşahidə məntəqələri quraşdırılıb və radar görüntüləri artırılıb. Son illərə kimi sərhəd mühafizəsinin balansında 9 radar var idisə, artıq 3 ildir ki onların sayı 18-ə çatıb. Texniki müşahidə məntəqələrində olan sərhədçilər Azərbaycan Respublikasının ərazi sularına daxil olan tanınmayan hədəfləri müşahidə etməyə başlayır və ya təyin olunmamış yerdən icazəsiz üzmə vasitələri burdan təsbit olunur və alınmış məlumatlar qarşılıqlı fəaliyyətdə olan orqan və bölmələrə ötürülür. Bundan başqa, məlumatlar həm əməliyyat yolu ilə, həm də qarşılıqlı fəaliyyətdə olan orqanlardan da əldə edilir.
Daha sonra dövlət sərhədinin mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Maraqlısı odur ki, sərhəd pozucularının bir çoxu Azərbaycan Respublikasının ərazi sularına daxil olduqdan sonra sahilə yaxınlaşmadan hər hansı bir qaçaqmalı dənizə yerləşdirir, koordinatları Azərbaycanda olan tanışlarına ötürür və onların başqa formada çıxarılması üçün addımlar atmağa başlayırlar. Lakin onlar unudurlar ki, trayektoriya texniki müşahidə məntəqələrində operatorlar tərəfindən qeydiyyata alındıqdan sonra yaddaşda saxlanılır. Sərhəd gözətçi gəmiləri həmin istiqamətə yönəlir, ərazini nəzarətdə saxlayır, sərhəd pozucuları və onların əlaltılarının ələ keçirilməsi istiqamətində işlər görülür.
Dərinlikdə olan üzmə vasitələrini müasir naviqasiya aşkaretmə qurğuları ilə təmin olunmuş gəmilər aşkarlayır. Hədəf sərhəd gözətçi gəmilərində olan məlumatları mərkəzə inteqrasiya etmək və qarşılıqlı fəaliyyətdə olan qurumlarla birgə fəaliyyəti həyata keçirməkdir.
Bunu da demək yerinə düşər ki, sərhəd pozucuları öz taktikalarını dəyişir və yeniləyir, lakin Sərhəd Mühafizəsinin də öz imkanlarını genişləndirdiyini unudurlar. Gələcəkdə sərhəd pozucularının ölkəmizə daxil olmasının tam qarşısını almaq ən vacib hədəflərdəndir.
Media nümayəndələri Sahil Mühafizəsi Muzeyini də ziyarət ediblər. Burada müxtəlif eksponatlar, raket kompleksi, matrosların gündəlik geyimləri, hidrokostyum, DSX-nin əməkdaşlarının təltifləri nümayiş etdirilir. Ən qədim eksponat 1800-cü illərə aid olan sekstantdır. Bildirilib ki, qədim zamanlarda naviqasiya olmadığı dövrlərdə onun vasitəsilə gəminin yerini müəyyən etmək olurmuş.
Jurnalistlər Təlim-Tədris Mərkəzinin sinif otaqlarında şəxsi heyətə keçirilən dərslərdə iştirak edib, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin həyat və fəaliyyətinə aid foto və kitabların nümayiş etdirildiyi Heydər Əliyev İdeoloji Mərkəzinə baş çəkiblər.
Keçid üçün şans yoxdur: Xəzərin səthi də, dibi də nəzarətdədir
Media nümayəndələrinə Xəzər dənizində şərti əməliyyatları izləmək imkanı da yaradılıb. DSX-nin Sahil Mühafizə gəmiləri manevrlər edərək müxtəlif tapşırıqlar icra edib. "Tufan" tipli gəmi ilə təşkil olunan tur zamanı sorğuya cavab verməyən üzmə vasitəsinə gəmi tərəfindən görülən tədbir, onun saxlanılması, baxış qrupuna təlimat verilərək həmin üzmə vasitəsinə göndərilməsi əməliyyatları icra olunub.
Sonra sərhəd pozucularının döyüş dalğıcları tərəfindən aşkarlanması və məhv olunması əməliyyatı yerinə yetirilib. Belə ki, baxış zamanı sərhədi pozan gəmidən sərhəd pozucularının suyun altına düşərək platformaya qarşı təxribat fəaliyyəti ilə məşğul olmağa cəhd etdikləri aşkarlanıb. Dərhal sonar suya salınaraq pozucular aşkarlanıb və komanda verilib. Döyüş dalğıcları isə onu zərərsizləşdiriblər.
Həmçinin DSX-nin Sahil Mühafizəsinin amfibiya katerləri fəaliyyət icra edib.
DSX-nin Sahil Mühafizəsinin Dövlət Sərhədinin Mühafizəsi üzrə şöbə rəisinin dəniz üzrə müavini Xanlar Abdullayev bildirib ki, “çoxfunksiyalı "IGUANA 29" amfibiya kateri DSX Sahil Mühafizəsinin döyüş sıralarına 2022-ci ildə qoşulub. Sahilyanı əməliyyatlar üçün təyinatlı olan həmin kater dövlət sərhədinin mühafizəsində geniş istifadə olunur, 50 düyün sürətə malikdir. Sahilyanı ərazilərdə hərəkət edən sərhəd pozucularına, qaçaqmalçılığa qarşı mübarizədə ən üstün üzmə vasitəsi sayılır. Hazırda onların sayı 2 ədəddir”.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmi və katerləri Xəzər dənizində enerji strukturunun mühafizəsinin təmin edilməsi məqsədilə "Azəri-Çıraq-Günəşli", "Dostluq", "Şahdəniz" və digər neft-qaz yataqları o cümlədən Səngəçal Neft Terminalı istiqamətində xidmətə cəlb olunaraq qarşıya qoyulmuş tapşırıqların icrasını da təmin edirlər.
Mediatur zamanı "Şahdəniz" yatağı istiqamətində səfər təşkil olundu və bir neçə yatağa baxış keçirildi.
Azərbaycanın sahil mühafizəsinin təmin olunmasında güc və imkanlarının şahidi olduq
Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Xəzərin Azərbaycan hissəsində sahil sularının mühafizəsinin yüksək səviyyədə təmin olunması məqsədilə dövlətimiz uzun illərdir bir sıra islahatlar həyata keçirir. Həmin islahatların tərkib hissəsi olaraq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin maddi-texniki bazası gücləndirilir. Bu kontekstdə də sahil mühafizənin müasir texnologiyalarla, yəni dəniz vasitələri ilə təmin olunması üçün gəmi inşası mərkəzi istifadəyə verilib. Ondan sonra DSX-nin Sahil Mühafizəsi üçün "Şahdağ" və "Tufan" layihəli gəmilər inşa edilib. Onlar Azərbaycanın sahil sularında yüksək səviyyədə mühafizənin təmin olunmasını həyata keçirir.
"Mediatur zamanı da Azərbaycanın sahil mühafizəsinin təmin olunmasında güc və imkanlarının şahidi olduq. Gəmilər sürətlidir, həm zərbə təyinatlı pilotsuz uçuş aparatları, həm də raket sistemləri ilə təmin olunub. Bir sözlə, gəmilər Azərbaycanın sahil sularında yerləşən strateji məntəqələrin mühafizəsinin təmini üçün güclü silah və sursatla təmin olunub. Sahil suları ümumiyyətlə riskli bölgələrdir. Həm qaçaqmalçılığın, həm də digər təhlükələrin qarşısını almaq üçün sularda təhlükəsizliyin mühafizənin təmin olunmasına böyük ehtiyac var", - deyə hərbi ekspert diqqətə çatdırıb.
Cəmi bir neçə saat ərzində sərhəd mühafizəsinin ən incə detalından ən vacib əməliyyatına qədər proseslərin canlı iştirakçısına çevrilmək həm maraqlı, həm də düşündürücü oldu. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin işi heç də asan deyil. Dövlətin maraqları, xalqın əmin-amanlığı naminə gözlərini belə qırpmadan keşik çəkirlər. Müasir avadanlıqlar, texniki vasitələr işlərini asanlaşdırsa da, gələn təhlükələri qətiyyətlə dəf edir, tapşırıqları xüsusi cəldlik və peşəkarlıqla qüsursuz şəkildə yerinə yetirirlər.
Fikirlərimə Ulu Öndər Heydər Əliyevin sərhədçilərimiz haqqında dediyi dəyərli sözlərlə yekun vurmaq istərdim.
"Məşhur bir ifadə var ki, Vətən sərhəddən başlayır. Bu, həqiqətdir. Ona görə də sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir".