Bakı, 17 oktyabr.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6 min 516 cinayət faktı aşkarlanıb. Onlardan 2 min 52-si narkotik vasitələrin qanunsuz satışı, 4 min 278-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 184-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 696 kiloqram 35,353 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 902 kiloqram 792,816 qramını marixuana, 273 kiloqram 855,347 qramını heroin, 141 kiloqram 301,479 qramını tiryək, 68 kiloqram 378,638 qramını həşiş, 181 kiloqram 045,961 qramını digər narkotik vasitələr və 128 kiloqram 507,561 qramını psixotrop maddələr təşkil edib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Dövlət Komissiyasının İşçi Qrupunun narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekununa dair açıqladığı məlumatda bildirilib.
Qeyd olunub ki, 9 ay ərzində 7 min 527 ədəd metadon, 18 min 918 ədəd çətənə bitkisi, 600 qram xaşxaş kolu, eləcə də 598,692 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Həmçinin Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201 hektar sahədən yaş kütləsi 304 ton 579 kiloqram olan 2 milyon 599 min 973 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.