Bakı, 24 noyabr.
Noyabrın 24-də saat 9 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə baş verən partlayışda xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.