Bakı, 5 iyun.
Yaponiya və ABŞ növbəti beş il ərzində elmi tədqiqatlarda süni intellektin inkişafına birgə bir milyard dollar investisiya yatırmaq barədə razılığa gəliblər.
Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, strateji tərəfdaşlıq süni intellekt də daxil olmaqla, qabaqcıl elm və texnologiya sahələrində birgə tədqiqatların genişləndirilməsini, həmçinin hesablama resurslarının gücləndirilməsini nəzərdə tutur.
Tərəfdaşlıq çərçivəsində tərəflər birgə tədqiqatlar üçün hesablama resurslarından qarşılıqlı istifadə edəcək. Əməkdaşlığın kvant informasiya elmi, termonüvə texnologiyaları, biotexnologiya və digər qabaqcıl sahələri də əhatə edəcəyi bildirilir.