Bakı, 16 noyabr.
Bu gündən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Qazaxıstanın müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışan, eyni zamanda, Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsində təhsil alan dövlət qulluqçuları üçün növbəti təlim-təcrübə proqramına başlanılır.
“Dövlət idarəçiliyində innovativ texnologiyalar” adlı təlim–təcrübə proqramının açılış mərasimində çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ dövlət idarəçiliyi modelinin ölkənin davamlı inkişafında mühüm rol oynadığını vurğulayıb. U.Ələkbərov bildirib ki, Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi təcrübə beynəlxalq səviyyədə maraq doğurur və bu kimi təlim proqramları ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə xidmət edir.
Qazaxıstanın nümayəndə heyətinin rəhbəri Abdukadırov Bauırcan dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi, birgə təlim proqramları və akademik əməkdaşlığın iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında həyata keçirilən bu proqram dövlət qulluqçularının peşəkar inkişafına, müasir idarəetmə biliklərinin artırılmasına və iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri, deputat Hikmət Babaoğlu çıxışında Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi təcrübədən, müasir idarəetmə yanaşmalarından və bu təcrübənin beynəlxalq səviyyədə paylaşılmasının əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, DİA bu istiqamətlər üzrə bir sıra xarici ölkələrin dövlət qulluqçuları üçün təlim və təcrübə proqramları həyata keçirərək Azərbaycanın idarəçilik təcrübəsinin öyrənilməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir.
Qeyd edək ki, 2 həftə davam edəcək təlim-təcrübə proqramı çərçivəsində, qazaxıstanlı dövlət qulluqçularının Azərbaycanın dövlət idarəçiliyi təcrübəsi, institusional islahatları və innovativ idarəetmə mexanizmləri ilə yaxından tanış olmaları məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinə, Kənd Təsərrüfatı Nazirliyinə, ASAN İnnovasiya Mərkəzinə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə, eləcə də digər dövlət qurumlarına tanışlıq və təcrübə mübadiləsi səfərlərinin təşkili planlaşdırılır.