Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində finala yüksəlib.
97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Rızabek Aitmuxanla qarşılaşıb. Rəqibinə 15:7 hesabı ilə qalib gələn M.Maqomedov adını finala yazdırıb.
O, qızıl medal qarşılaşmasında Qazaxıstanın digər təmsilçisi Alışer Yerqalı ilə üz-üzə gələcək.
Əliabbas Rzazadə (57 kiloqram) və Hacı Əliyev (65 kiloqram) yarımfinalda uduzublar. Onlar 3-cü yer uğrunda görüşlərdə müvafiq olaraq, qırğızıstanlı Almaz Smanbekov və meksikalı Austin Qomeslə qarşılaşacaqlar.
Digər güləşçimiz Giorgi Meşvildişvili (125 kiloqram) isə zədələndiyi üçün 1/4 final görüşünə çıxmayıb.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.