Bakı, 6 sentyabr.
Tarixi abidələrin, binaların, qala divarlarının, qayaların üstünə adlar yazmaq, müxtəlif şüarlar həkk etmək və səthləri cızmaq yalnız həmin obyektlərin görünüşünə xələl gətirmir, eyni zamanda, xalqın ortaq irsinə hörmətsizlik və şəhər mədəniyyətinə zərər vuran məsuliyyətsiz münasibəti göstərir.
Bu fikri açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib. O bildirib ki, belə halların “xatirə saxlamaq”, “burada olduğumu göstərmək”, “rayonumun adını yazmaq” və ya “hörmətimi bildirmək” kimi ifadələrlə əsaslandırılması qəbuledilməzdir.
“Tarixi abidə və ya ictimai məkan kiminsə şəxsi qeyd dəftəri deyil. Heç bir ziyarətçiyə “burada olmuşam” demək üçün başqasına məxsus əmlakı, tarixi obyekti və ya xalqın ortaq sərvətini zədələmək haqqı verilməyib. Əksinə, ziyarət edilən məkana hörmət onun qorunmasından, toxunulmazlığının təmin edilməsindən və gələcək nəsillərə olduğu kimi çatdırılmasından başlayır. Şuşa bizim üçün yalnız tarixi və mədəni irsimizin mühüm mərkəzi deyil. Bu şəhər milli mədəniyyətimizin, tarixi yaddaşımızın, dövlətçilik ənənələrimizin və Zəfərimizin rəmzidir. Şuşanın azadlığı uğrunda şəhidlərimizin qanı tökülüb. Buna görə bu torpağa qədəm qoyan hər bir insan harada olduğunu və bu şəhərin hansı böyük fədakarlıqlar hesabına azad edildiyini dərk etməlidir. Şuşanın hər bir küçəsi, divarı, daşı və qayası bizim üçün xüsusi tarixi və mənəvi məna daşıyır. Şuşaya hörmət onun daşını qorumaqdan, abidəsinə toxunmamaqdan, küçəsini təmiz saxlamaqdan və tarixi simasına xələl gətirəcək hərəkətlərdən çəkinməkdən başlayır. Ziyarət etdiyi məkanı zədələyən insanın bunu vətən sevgisi və ya hörmət adı altında təqdim etməsi öz davranışı ilə ziddiyyət təşkil edir. Əsl sevgi və ehtiram insanın qoyduğu yazıda deyil, qoruduğu dəyərdə özünü göstərir”, – deyə ictimai birliyin sədri qeyd edib.
Müsahibimiz şəhidlərin xatirəsinin yaşadılması məsələsində də xüsusi həssaslığın vacibliyini diqqətə çatdırıb: “Şəhidlərimizin xatirəsi hər birimiz üçün müqəddəsdir. Məhz buna görə həmin xatirəni yaşatmaq üçün seçilən vasitəyə xüsusi diqqətlə yanaşmalıyıq. Şəhidin adını tarixi divara, qayaya və ya təsadüfi bir səthə yazmaq onun xatirəsinə layiqli münasibət deyil. Əksinə, belə yazılar təmizlənərkən, səth bərpa edilərkən və ya bina təmir olunarkən arzuolunmaz vəziyyət yarada bilər. Nəticədə şəhidin adı texniki və ya bərpa prosesi ilə bağlı məsələnin ətrafında mübahisə mövzusuna çevrilə bilər. Bu həssaslığı əvvəlcədən nəzərə almaq da mənəvi məsuliyyətin göstəricisidir. Şəhidlərin adına ucaldılan abidələr, yaradılan xiyaban və anım məkanları, ailələrlə razılaşdırılmış xatirə lövhələri, kitablar, sənədli materiallar və digər layihələr onların əziz xatirəsinin yaşadılmasına xidmət edir. Eyni zamanda, şəhidlərin həyat yolunu öyrənmək, onların ailələrinə və övladlarına diqqət göstərmək, uğrunda can verdikləri Vətənin tarixi və mədəni irsini qorumaq ehtiramın mühüm əməli ifadəsidir. Abidəni, binanı və ya digər obyekti zədələyən şəxsin əməli qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməli, dəymiş zərərin aradan qaldırılması və ödənilməsi məsələsinə hüquqi müstəvidə baxılmalıdır. İnsanlar bilməlidirlər ki, ictimai və tarixi əmlaka müdaxilə sadəcə “yazı yazmaq” kimi qəbul edilə bilməz. Belə hərəkətlərin obyektin tarixi, estetik və maddi dəyərinə zərər vurduğu nəzərə alınmalıdır”.
İctimai birlik sədri belə halların qarşısının alınmasında maarifləndirmə və preventiv tədbirlərin də mühüm rol oynadığını söyləyib. Onun sözlərinə görə, ziyarətçilər tarixi məkanlara daxil olmamışdan əvvəl davranış qaydaları barədə məlumatlandırılmalı, ərazilərdə aydın və görünən xəbərdarlıq lövhələri yerləşdirilməli, mühafizə və nəzarət imkanları gücləndirilməli, aşkar olunan müdaxilələrə vaxtında reaksiya verilməlidir.
Xüsusilə Şuşada bu məsələyə daha böyük tələbkarlıqla yanaşmaq lazımdır. Böyük fədakarlıqlar hesabına azad edilmiş, bərpasına dövlət tərəfindən mühüm əmək və vəsait sərf olunan bir şəhərin ayrı-ayrı şəxslərin məsuliyyətsiz davranışından qorunması hamımızın vəzifəsidir. Şuşanın tarixi siması bir insanın şəxsi marağından və ya bir neçə dəqiqəlik “xatirəsindən” daha böyük dəyərə malikdir.
O əlavə edib ki, tarixi və mədəni irsin qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir.