Bakı, 7 oktyabr.
Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi aqrar sahənin, ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsi, aqrar məhsulların istehsalı və ilkin emalı üçün zəruri şəraitin yaradılması, habelə aqrar sahənin iqlim dəyişikliklərinə adaptasiyası və kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə həmin sahədə dövlət tənzimləməsi və dövlət dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edir.
Qanun layihəsinə görə, aqrar sahəyə dövlət dəstəyi aşağıdakı vasitələrlə həyata keçiriləcək:
- aqrar subsidiyanın verilməsi;
- bu Qanunun 7.3-cü maddəsinə uyğun olaraq, kənd təsərrüfatı istehsal vasitələrinin satışı və maliyyə icarəsi zamanı güzəşt tətbiq edilməsi, habelə güzəştli kreditlərin və maliyyə icarəsi üçün vəsaitin ayrılması, o cümlədən verilmiş kreditlərin faizlərinin maliyyələşdirilməsi;
- qrant verilməsi;
- dövlət investisiya qoyuluşu;
- vergi və gömrük güzəştlərinin tətbiqi;
- aqrar sığorta fəaliyyəti;
- satış yerlərinin təşkili;
- informasiya-məsləhət xidmətlərinin göstərilməsi;
- strateji əhəmiyyətli aqrar məhsulun istehsalı zamanı dövlət zəmanətinin tətbiqi;
- dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi;
- elmi tədqiqat, laboratoriya, təcrübə, bitki və heyvan xəstəlikləri üzrə müalicə-profilaktika, zərərsizləşdirilmə və sınaq fəaliyyətinə, habelə aqrar təhsil, təlim və peşə hazırlığına dəstək göstərilməsi;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hallarda və qaydada xüsusi təhlükəli heyvan xəstəlikləri nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərərin ödənilməsi.
Sənəd layihəsinə əsasən, aqrar sahədə subsidiyalaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Bu Qanunun 7.1.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəsaitindən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşəcək. Dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi zamanı Sistemin məlumatları əsas götürülür və aqrar məhsul istehsalçılarının reytinq sistemi nəzərə alınır. Aqrar sığorta sahəsində dövlət dəstəyi “Aqrar sığorta haqqında” Qanunla tənzimlənir.