Bakı, 6 oktyabr.
Prezident İlham Əliyev YAP-ın Qurultayında Azərbaycanın qarşısında duran yeni hədəflər və ölkənin gələcək inkişaf istiqamətləri ilə bağlı mühüm mesajlar verdi. Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkənin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub, bununla da yeni reallıqlar və yeni siyasi konfiqurasiya formalaşıb.
Bu sözləri Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, politoloq Zaur Məmmədov “YAP-ın Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” mövzusuna həsr olunmuş dəyirmi masada səsləndirib.
O bildirib ki, işğal dövründə Azərbaycanın qarşısında çoxsaylı və ciddi maneələr olub. Beynəlxalq təşkilatlar rəsmi açıqlamalarında bir mövqe nümayiş etdirsələr də, bəzi böyük və hegemon dövlətlər pərdə arxasında Ermənistanı dəstəkləyir, ona hərbi və digər formalarda yardım göstərirdilər.
“Bütün bunlara baxmayaraq, Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm və yeni konfiqurasiya formalaşıb”, - deyə Z.Məmmədov vurğulayıb.