Azərbaycan Dövlət İnformasiya Agentliyi
ORDU
“Baykar” şirkətinin “Kemankeş” və “Kemankeş 2” məhsulları “ADEX-2024” sərgisində nümayiş etdirilir
25.09.2024 [13:07]
“Baykar” şirkətinin “Kemankeş” və “Kemankeş 2” məhsulları “ADEX-2024” sərgisində nümayiş etdirilir
Bakı, 25 sentyabr.
Türkiyənin “Baykar” şirkətinə məxsus “Kemankeş” Azərbaycanda “ADEX-24” sərgisində nümayiş etdirilir.
Bununla bağlı şirkətin nümayəndələri məlumat veriblər.
Bildirilib ki, “Kemankeş” qanadlı gəzən sursat strateji hədəflərə qarşı əməliyyatlar üçün “Baykar” şirkəti tərəfindən milli və orijinal şəkildə hazırlanıb. “Kemankeş”in adı tarixdə ən çətin şəraitdə belə hədəflərini tam dəqiqliklə vuran türk oxçularından qaynaqlanır. “Baykar” tərəfindən hazırlanmış “Bayraktar Akıncı”, “Bayraktar TB2” və “Bayraktar TB3” pilotsuz uçuş aparatları “Kemankeş” ilə təchiz oluna bilər.
Məlumat verilib ki, bu qanadlı gəzən sursat süni intellekt dəstəkli avtopilot sistemi ilə avtonom fəaliyyət göstərir, 1 saatlıq uçuş müddətinə malikdir və reaktiv mühərriki onu düşmənin arxasındakı kritik hədəflərə qarşı daha effektiv edir. Süni intellekt dəstəkli optik yönləndirmə sistemi ən çətin şəraitdə belə hədəfləri tanıma və dəqiqliklə vurma qabiliyyəti təmin edir.
“Baykar” şirkətinin “Kemankeş 2” adlı digər məhsulu isə çox funksiyalıdır. Bu sursat həm təkbaşına, həm də pikap kimi nəqliyyat vasitələri üzərindən istifadə edilə bilir. “Kemankeş 2” əsasən hərbi məqsədlər üçün nəzərdə tutulub və onun əsas funksiyaları sursat daşıma və kəşfiyyat xarakterlidir. Bu məhsul döyüş meydanında səmərəli əməliyyat aparmaq üçün nəzərdə tutulmuş yüksək texnologiyalı bir vasitədir. Eyni zamanda, uzaq məsafələrə yüksək dəqiqliklə məlumat ötürmə və hədəf vurma qabiliyyətinə malikdir, bu da onun hərbi əməliyyatlarda effektivliyini artırır.