Bakı, 29 oktyabr.
Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum olunmuş və həbs edilmiş şəxslərə hüquqi yardım göstərilməsi davam etdirilir.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən bildirilib ki, ötən həftə 7, 10, 11 və 16 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 131 nəfər məhkum yaradılmış bu imkandan istifadə edib.
Aksiyada “Kredo”, “Mərkəz”, “Kiçikbəyov və Partnyorları” və 17 saylı Vəkil bürolarının vəkilləri tərəfindən onlara qanunvericiliyin müddəaları izah olunub, hüquqlarının və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
Tədbirlər Planına uyğun olaraq penitensiar müəssisələrdə pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.