Bakı, 31 yanvar.
Ürək transplantasiyası təsadüfi hadisə deyil, illər ərzində mərhələli və məqsədyönlü şəkildə həyata keçirilən sistemli islahatların nəticəsidir.
Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, 2008-ci ildən etibarən Azərbaycanda orqan transplantasiyası əsasən canlı donorlardan icra olunub və bu sahədə mühüm təcrübə formalaşıb: “Meyit donordan orqan transplantasiyasına keçid isə yalnız hüquqi, institusional və tibbi baza formalaşdırıldıqdan sonra mümkün olub”.
Onun sözlərinə görə, 2020-ci ildə “Orqan transplantasiyası haqqında” yeni qanunun qəbul edilməsi bu sahədə fəaliyyətin hüquqi əsasını yaradıb və sonrakı bütün mərhələlərin başlanğıc nöqtəsi olub.