Bakı, 25 noyabr.
Bakı şəhərinin 22, 31, 67 və 92 nömrəli şəhərdaxili, 172 və 191 nömrəli şəhərətrafı, həmçinin Bakı-Gəncə, Bakı-Şabran, Bakı-Siyəzən, Tərtər-Xankəndi və Tərtər-Bərdə marşrutları üzrə müsabiqələrin nəticələri açıqlanıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müsabiqələrin nəticələrinə əsasən, Sabunçu qəsəbəsini Rövlan Məmmədov küçəsi (“NZS” yaşayış massivi) ilə əlaqələndirən 22 nömrəli şəhərdaxili və Bahar qəsəbəsini metronun “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 191 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə “Kənan-2000” şirkəti qalib elan olunub.
Badamdar qəsəbəsini Nizami bağı (Əhməd Cavad küçəsi) ilə əlaqələndirən 31 nömrəli şəhərdaxili avtobus marşrutu üzrə “Fidan” MMC, Biləcəri qəsəbəsini Çernyayevski küçəsi ilə əlaqələndirən 67 nömrəli marşrut üzrə “Menloqq” MMC, Binəqədi qəsəbəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli marşrut üzrə isə “MES Üç Qardaş” MMC qalib olub.
Bilgəh qəsəbəsini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 172 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə “BakuBus” MMC qalib seçilib.
Şəhərlərarası marşrutlar üzrə Bakı-Gəncə istiqamətində “Uğurlu Yol” MMC, Bakı-Şabran marşrutları üzrə fiziki şəxslər Fətulla Qasımov və Qafil Veyisov, Bakı-Siyəzən marşrutu üzrə Zöhrab Məhərrəmov, Tərtər-Xankəndi marşrutu üzrə Elxan Rüstəmov, Tərtər-Bərdə marşrutu üzrə isə Ceyhun Quliyev qalib elan olunublar.
Müsabiqələr “Avtomobil nəqliyyatı haqqında” Qanuna və Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.