Bakı, 9 oktyabr.
Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransı - "EYBA Autumn Conference 2026" çərçivəsində "Hüquq praktikasında və məhkəmə sistemində süni intellekt" adlı ilk panel sessiya keçirilib.
Müzakirə süni intellektin vəkillərə, məhkəmələrə, qərar qəbuletmə prosesinə və hüquqi xidmətlərin gələcəkdə göstərilmə üsullarına təsirini əhatə edib.
Panel sessiyaya Amerika Vəkillər Assosiasiyasının üzvü Sona Salimli moderatorluq edib.
Panel sessiyada çıxış edən kibertəhlükəsizlik və texnologiya hüququ üzrə ekspert, ADA Universitetinin Hüquq fakültəsinin müəllimi Orxan Əbdülkərimli qeyd edib ki, süni intellektin dil baxımından səlis və ardıcıl nəticələr verməsi modelin riyazi ehtimallarına və statistik göstəricilərinə əsaslanır. Onun sözlərinə görə, böyük dil modelləri hüquqi sənədlərdən və mətnlərdən əldə edilən, tokenlərə bölünərək emal olunan və təlim prosesində istifadə edilən ədədi təsvirlər əsasında qurulur: "Hansısa təchizatçı şirkətinizə müraciət edərək sizə bir məhsul satmaq istədiyini bildirəndə, həmin məhsulun təqdimatına diqqətlə yanaşmalısınız. Çünki məhsul çox cəlbedici görünə bilər: Süni intellekt səlis danışır, istifadəsi asandır, uzun və ardıcıl mətnlər yarada bilir. Bütün bunlar istifadəçidə müsbət təəssürat yaradır. Lakin modelin texniki tərəfinə nəzər saldıqda, ilk növbədə, bir suala cavab tapmaq lazımdır. Bu model hansı hüquqi mətnlər və məlumatlar əsasında öyrədilib? Model Azərbaycan qanunvericiliyi, Avropa İttifaqının hüququ, ABŞ qanunvericiliyi, yoxsa başqa ölkənin hüquq sistemi əsasında təlim keçib? Xüsusilə Azərbaycan kimi hüquq yurisdiksiyası nisbətən kiçik olan ölkələr üçün bu məsələ bəzən çətinlik yaradır. Çünki bir çox iri korporativ və süni intellekt şirkətləri öz modellərini Azərbaycan qanunvericiliyinə aid məlumatlar əsasında öyrətmirlər".
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) üzvü Şəbnəm Tağıyeva bildirib ki, əgər süni intellektin təqdim etdiyi cavaba yalnız inandırıcı səsləndiyinə və süni intellekt tərəfindən hazırlandığına görə güvənilsə, bu zaman müəyyən sərhədlər aşılmış olur: "Bu sərhəd hazırda daha böyük əhəmiyyət daşıyır. Çünki generativ süni intellekt bütün iş prosesini dəyişir. O, bizə sadəcə məlumat təqdim etmir, həm də cavabın özünü hazırlayır. Ənənəvi olaraq, hüquqşünas əvvəlcə sual qoyur, araşdırma aparır, mənbələri tapır, onları təhlil edir və daha sonra ilkin mətn hazırlayırdı. İndi isə proses əksinə işləyir: Əvvəlcə ilkin mətn hazırlanır. Mahiyyət etibarilə, hüquqşünasın işi artıq ilk cavabı hazırlamaqdan daha əvvəl yaradılmış cavabı qiymətləndirməyə doğru dəyişir. Hüquqşünasların bu dəyişikliyə maraq göstərməsinin əsaslı səbəbləri var. İlk növbədə, bu, təkrarlanan tapşırıqlara sərf olunan vaxtı azaldır, eyni zamanda, daha böyük həcmdə məlumatı emal etməyə imkan verir. Bununla yanaşı, hüquq sahəsində zəruri olan, daha mənalı və səmərəli insan ünsiyyətinə vaxt ayırmaq imkanı yaradır. Lakin sənədləri yoxlamadıqda nələrin baş verdiyini də bilirik".
VK-nın üzvü, “PAŞA Bank” ASC-nin Hüquq və korporativ idarəetmə departamentinin direktoru İlham Hüseynov qeyd edib ki, bank işi sahəsində yol verilən səhv pul itkisi deməkdir. Eyni zamanda, vaxt itkisi də pul itkisinə səbəb olur: "Biz öz təcrübəmizdə süni intellektdən 2024-cü ildən istifadə etməyə başlamışıq. Lakin qarşımızda duran əsas çətinlik süni intellektin təqdim etdiyi bütün nəticələrin yoxlanılması və nəzarətdə saxlanılması məsələsi idi. Şirkətimizdə korporativ idarəetmə və hüquq məsələləri üzrə qərarların qəbul edilməsinə cavabdeh şəxs kimi mən və komandam belə qərara gəldik ki, hələlik, müəyyən müddət ərzində süni intellektin təqdim etdiyi nəticələri nəzarətdə saxlamalıyıq. Bu, süni intellektə etibar etməməyimizlə bağlı deyil. Sadəcə, hüquq sahəsində bəzi səhvlərə qarşı sıfır tolerantlıq prinsipini rəhbər tuturuq. Çünki hüquqi rəylərdə və digər hüquqi sənədlərdə yol verilən müəyyən səhvlər böyük məbləğdə maliyyə itkisinə səbəb ola bilər. Hesab edirəm ki, hazırda və gələcəkdə, ən azı növbəti üç-dörd il ərzində süni intellektin hazırladığı hüquqi rəylərin nəticələrini izləməli və yoxlamalıyıq. Çünki hüquqi münasibətlərdə süni intellekt məsələsində yekun məsuliyyət və qərarvermə səlahiyyəti insanda olmalıdır".
Panel müzakirə sual- cavab sessiyası ilə işini yekunlaşdırıb.