Bakı, 18 noyabr.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Azərbaycana səfəri çərçivəsində noyabrın 17-də Avropa Yəhudilərinin Bakı dini icmasının sinaqoqunda olub.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, dini konfessiyaların nümayəndələri ilə görüşdə qonağa Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizm və dinlərarası dialoq sahəsində formalaşmış təcrübə, müxtəlif dinlərin təmsilçiləri arasında qarşılıqlı hörmət və birgəyaşayış ənənələri barədə məlumat verilib.
Almaniyanın xarici işlər naziri sinaqoqda yaradılmış şəraitlə tanış olub, ona ölkəmizdə nəşr olunan Tövrat nüsxəsi nümayiş etdirilib. Bildirilib ki, yəhudi icması Azərbaycanın müxtəlif bölgələrində digər dinlərin nümayəndələri ilə sülh və qarşılıqlı hörmət şəraitində yaşayır.
Yohan Vadeful Azərbaycanda dövlət-din münasibətləri modelinin maraq doğurduğunu bildirib, ölkədə müxtəlif dinlər və məzhəblər arasında hökm sürən qarşılıqlı anlaşma mühitini yüksək qiymətləndirib.
Görüşdə iştirak edən dini icma nümayəndələri Azərbaycanda dini tolerantlıq mühiti və dövlətin dini qurumlara göstərdiyi dəstək barədə fikirlərini bölüşüblər.
Avropa Yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal icmanın ölkəmizdə sərbəst və təhlükəsiz şəraitdə yaşadığını, antisemitizm hallarına rast gəlinmədiyini bildirib.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete bütün dini konfessiyalara göstərilən dövlət dəstəyinin dinlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.
Sefarad Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev isə icmaya göstərilən diqqətdən, ölkədəki harmoniya mühitindən və yəhudi məktəbinin fəaliyyətindən bəhs edib.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Bakı şəhəri “Hacı Cavad” məscidinin imamı İbrahim Quliyev və İlahiyyat məscidinin imam müavini Məzahir Məhərrəmov Azərbaycanın tarixən müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı məkan olduğunu vurğulayıblar.
Qeyd edək ki, Almaniya Xarici İşlər Nazirliyinin sosial media hesablarında sinaqoqda keçirilən görüşlə bağlı paylaşımlar edilib.