Bakı, 17 noyabr.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisinin (UOKiK) nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb.
Dövlət Agentliyindən bildirilib ki, bu çərçivədə təşkil olunan tədbirdə “Azərbaycanda rəqabət qanunvericiliyi” mövzusunda təqdimat edilib.
Ölkəmizdə rəqabət mühitinin qorunması, müvafiq sahədə qanunvericiliyin tətbiqi, nəzarət mexanizmləri və hüquqpozmalara qarşı mübarizə təcrübəsi ilə bağlı məlumat verilib. Həmçinin hökmran mövqedən sui-istifadə halları, rəqabəti məhdudlaşdıran sazişlərin aşkarlanması, habelə bu sahədə nəzarətin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra UOKiK-in Beynəlxalq Əməkdaşlıq Bürosunun eksperti Hanna Koehler, Rəqabətin müdafiəsi departamentinin İstintaq bölməsinin rəhbəri Anna Janovska-Kupidurska və Hüquq departamentinin məsləhətçisi Jan Ulanski tərəfindən təlim keçirilib. Təlim zamanı rəqabət siyasətinin həyata keçirilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində Polşa təcrübəsi həmçinin ənənəvi və rəqəmsal bazarlarda rəqabətin təşviqi alətləri barədə geniş məlumat verilib.
İnteraktiv formatda təşkil olunan təlimin sonunda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.