Azərbaycan Dövlət İnformasiya Agentliyi
İQTİSADİYYAT
Hesablama Palatasının növbəti il büdcəsinə dair məlumat ölkədə ilk dəfə nəticəəsaslı büdcə prinsipləri əsasında təqdim olunub
18.11.2026.
Hesablama Palatasının növbəti il büdcəsinə dair məlumat ölkədə ilk dəfə nəticəəsaslı büdcə prinsipləri əsasında təqdim olunub
Bakı, 18 noyabr.
2027-ci ilin dövlət büdcəsində Hesablama Palatasının xərclər smetası üçün 14,3 milyon manat nəzərdə tutulub.
Hesablama Palatasından bildirilib ki, növbəti il üçün xərclər smetasının ümumi məbləğinin 90,3 faizini əməyin ödənişi xərcləri təşkil edir. Bu xərclər hesabına 197 ştat vahidi (7 nəfər üzv və 190 əməkdaş olmaqla ) üçün əməkhaqqı və müvafiq ayırmalar proqnozaşdırılıb.
Xərclər smetasının 7,1 faizini malların (işlərin və xidmətlərin) satınalınması təşkil edir. “Malların (işlərin və xidmətin) satınalınması” bölməsi üzrə 2027-ci ildə 21 adda satınalmanın keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, növbəti ildə ölkədaxili ezamiyyə xərclərində cüzi artım proqnozlaşdırılıb. 2027-ci ildə ezamiyyə xərclərinin artımı adam-gün sayının artması fonunda müəyyən edilib (təxmini olaraq 700 gün). Eyni zamanda, “Dövlət auditi” jurnalının il ərzində 4 nömrəsinin, eləcə də rəy, hesabat və xülasələrin çapı bu xərclər hesabına təmin ediləcək.
2027-ci ildə sosial ödənişlərdə 2026-cı ilin göstəriciləri ilə müqayisədə artım gözlənilir. Pensiyaya çıxacaq şəxslərin sayı 5 nəfər olmaqla cari illə müqayisədə dəyişməz qalsa da, artım hesablanacaq müavinətin məbləği ilə bağlıdır.
Qeyri-maliyyə aktivləri üzrə xərclərdə (bölüşdürülməmiş xərclərdən ayrılacaq vəsait nəzərə alınmadan) 2026-cı illə müqayisədə azalma proqnozlaşdırılır.
Hesablama Palatasının 2027-ci il üçün nəzərdə tutulmuş xərclərinin (xərclər smetası və bloklanmış xərc istiqamətindən ayırmalar nəzərə alınmaqla) layihəsini ilk dəfə olaraq nəticəəsaslı büdcə modelinin prinsipləri əsasında təqdim olunur.
Ümumilikdə növbəti il üçün xərclər 15,4 milyon manat, o cümlədən xərclər smetası üzrə 14,3 milyon manat, bloklanmış xərclər isə 1,1 milyon manat nəzərdə tutulur.
Məlumat Hesablama Palatasının Strateji Planının 2027-ci il üzrə planlaşdırılmış bəzi fəaliyyət və nəticə göstəriciləri (indikatorlar) ilə müşayiət olunur. Strateji Planın hər bir aralıq nəticəsi üzrə nəzərdə tutulan fəaliyyətlər və əldə edilməsi hədəflənən göstəricilər, habelə onların maliyyə təminatı barədə qısa məlumat verilir.
Növbəti ildə bu xərclərin 54 faizi hesabına audit və analitik fəaliyyət formasında 45 kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsi nəzərdə tutulub. 2027-ci ildə əhatə edilən auditlərlə icmal büdcənin təxminən 1/3-nin əhatə edilməsi hədəflənir. Ayrılan vəsaitlər hesabına horizontal (tematik) dövlət auditinin sayının 2, performans (səmərəlilik) auditinin payının isə ümumi portfelin 15 faizdən çox olması nəzərdə tutulur. Eyni zamanda, 1 sektorda OMXÇ-nin dövlət auditi çərçivəsində qiymətləndirilməsi, həmçinin 4 sayda qurumda konsolidə edilmiş maliyyə hesabatlarının auditi nəzərdə tutulur. Ən azı 2 səmərəlilik auditində iqlim dəyişiklikləri, dayanıqlı inkişaf məqsədləri və s. kimi aktual mövzuların əhatə olunması planlaşdırılır.
Xərclərin 12 faizi hesabına büdcə layihəsi və icrası üzrə 7 rəyin (yenidən baxılan büdcə layihələri istisna), 1 yarımillik və 1 illik məlumatın hazırlanması nəzərdə tutulur. Rəylərin sayının artırılması NMR büdcəsinin layihəsinə və icrasına rəy verilməsinin hüquqi əsaslarının yaradılması ilə bağlıdır. Növbəti il üçün rəylərdə təhlil ediləcək gəlirlərin əhatəsinin 96 faizdən, xərclərin əhatəsinin 85 faizdən çox olması planlaşdırılır.
Dövlət auditinin rəqəmsallaşdırılması fəaliyyəti qabaqcıl təcrübələrlə uyğunlaşdırmaq və rəqəmsallaşma meyillərinə cavab vermək istiqamətində strateji təşəbbüslərdən biridir. "Dövlət auditi" informasiya sisteminin funksionallığının təkmilləşdirilməsi, Elektron Hökumət İnformasiya Sistemi üzərindən dövlət qurumları ilə məlumat mübadiləsi imkanlarının artırılması, formalaşdırılmış məlumat bazaları üzrə süni intellektin tətbiqi nəzərdə tutulub. Bu xərclər hesabına 10 ətrafında qurumun informasiya sistemlərinə inteqrasiyanı, data analitikası alətindən istifadə etməklə dövlət auditində böyük verilənlərin təhlilini, ilk dəfə olaraq “Auditor köməkçisi” adlı süni intellekt həllinin tətbiqi, habelə hesabat və məlumatların rəqəmsal həllər vasitəsilə qiymətləndirilməsi nəzərdə tutulur. Bu aralıq nəticə üzrə xərclər cəmi xərclərin 10 faizini təşkil edəcək.
Dövlət idarəetməsində informasiya texnologiyalarının rolunun artmasını nəzərə alaraq, Hesablama Palatası diqqəti bu sahədə audit potensialının gücləndirilməsi və institusional təcrübənin inkişaf etdirilməsinə yönəldib. 2027-ci ildə auditlərdə İS auditinin elementlərinin tətbiqi təcrübəsinin artırılması, minimum 2 sayda dövlət informasiya sisteminin müvafiq meyarlar əsasında qiymətləndirilməsi, İS auditi üzrə kadr potensialının gücləndirilməsi, sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsi, metodoloji bazanın qurulması, təlim proqramlarında iştirakın təmin olunması nəzərdə tutulur. Bu aralıq nəticə üzrə xərclər cəmi xərclərin 4 faizini təşkil edəcək.
Audit və rəy portfelinin 100 faizinin keyfiyyətə nəzarət prosedurlarından keçirilməsi, KDMN üzrə 2-dən çox təkrar peşəkar baxışın aparılması (tapşırığın nəzərdən keçirilməsi), keyfiyyətin idarəedilməsi üzrə 1-dən çox monitorinqin reallaşdırılması və s. hədəflənir. Bu aralıq nəticə üzrə xərclər cəmi xərclərin 5 faizini təşkil edəcək.
Dövlət auditinin nəticələrinin icmallaşdırılmasının təkmilləşdirilməsi, habelə fəaliyyətin təsirinin ölçülməsi üçün yeni mexanizmlərin tətbiqi, KDMN-lər üzrə qərarlarının icra vəziyyətinin monitorinqi (4 halda), həmin məlumatların Parlamentə təqdim edilən hesabata və xülasəyə daxil edilməsi nəzərdə tutulur. Bu fəaliyyətlər hesabına audit tövsiyələrinin 70 faizdən çoxunun icrasına nail olunması, 1 qurum üzrə Hesablama Palatasının tövsiyələrinin icrası haqqında məlumatın həmin qurumun rəsmi internet səhifəsində açıqlanması nəzərdə tutulur. Bu aralıq nəticə üzrə xərclər cəmi xərclərin 3 faizini təşkil edəcək.
Hesablama Palatasının rəsmi internet səhifəsinin kontentinin genişləndirilməsini, dövlət auditi portfelimizin təxminən 70 faizdən çoxunun dərc olunması, dövlət maliyyə idarəedilməsinin və maliyyə nəzarətinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti orqanlarla əməkdaşlığın gücləndirilməsi planlaşdırılır. Aidiyyəti fəaliyyətlər üçün ümumi xərclərin 3 faizi nəzərdə tutulur.
Xarici ölkələrin AAO-ları ilə memorandumların imzalanması, paralel auditlərin əhatəsinin artırılması, Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsi təcrübəsinin davam etdirilməsi və s. bu istiqamətdə fəaliyyətimizin prioritetlərinə aid olacaq. Bu fəaliyyətlər üçün ümumi xərclərin 7 faizi ayrılacaq.
Xərclərin yerdə qalan hissəsi isə daxili idarəetmə sistemlərinin gücləndirilməsinə yönəldiləcək. 2 strateji sənəddən irəli gələrək insan resursları və təlim fəaliyyətinin (təlim formatında dəyişikliklərin aparılması, o cümlədən (iş yerində təlim formatından aktiv istifadə olunması) genişləndirilməsi planlaşdırılır.