Birləşmiş Ştatlar və koalisiya qüvvələri şənbə günü Qırmızı dəniz və Ədən körfəzində husilərin genişmiqyaslı hücumunu dəf edərək, 15 pilotsuz təyyarəni vurublar.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatlında deyilir.
“Yəməndə fəaliyyət göstərən husi üsyançıları yerli vaxtla saat 04:00-06:30-da Qırmızı dəniz və Ədən körfəzində pilotsuz uçuş aparatları vasitəsilə genişmiqyaslı hücum həyata keçirdilər. CENTCOM və koalisiya qüvvələri “bölgədəki ticarət gəmilərinə və koalisiyanın hərbi dəniz qüvvələrinə təhlükə yaradan PUA-ları məhv ediblər”, - deyə məlumatda bildirilir.
Hücumun dəf edilməsində ABŞ və koalisiyanın hərbi gəmi və təyyarələri iştirak edib.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husi üsyançıları yəhudi dövlətinin ərazisinə hücumlar həyata keçirəcəklərini və Qəzza zolağında hərbi əməliyyat dayandırılana qədər İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. ABŞ buna cavab olaraq, gəmilərin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” (Rifah Mühafizə Əməliyyatı) əməliyyatına başlayıb. Bu əməliyyata qoşulanlar arasında Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa yer alıb.